BP Azərbaycan şirkətinin Təchizat üzrə Baş Meneceri

tərəfindən ön söz    

Bizim inkişaf layihələri, həmçinin bizimlə işgüzar münasibətlərin qurulması haqqında məlumat verən Biznes İnkişaf E-Mərkəzi adlanan yeni yaradılmış veb portalımıza xoş gəlmişsiniz.

Məsuliyyətli əməliyyat şirkəti olaraq, BP optimal məsrəflərlə başa gələn yüksək keyfiyyətli xidmətlər təqdim etməkdə və Xəzər regionunda davamlı və seçilən fəaliyyət göstərməkdə qərarlıdır. Fikrimizcə, yerli şirkətlərlə iş münasibətlərimizin genişləndirilməsi qeyd edilən məqsədimizə nail olmaq üçün güclü bir təkandır.

Azərbaycanda fəaliyyətə başladığımız vaxtdan etibarən, BP özünün Azərbaycandakı fəaliyyətində yerli müəssisələrin sayının artırılması məqsədinə sadiq qalmışdır. Yalnız 2008-ci ildə bizim yerli xidmətlər və məhsullar ilə bağlı olan məsrəflərimiz 1 milyard ABŞ dollarından artıq olmuşdur ki, bu da öz növbəsində yerli müəssisələrin neft və qaz əməliyyatlarında iştirakının artmasını nümayiş etdirən mühüm bir göstəricidir.

BP-nin biznes fəaliyyətində yerli şirkətlərin sayının artmasına uzun müddətli bir inkişaf prosesi nəticəsində nail olmaq mümkündür. Bu inkişaf prosesi, yerli müəssisələrin Azərbaycan və həmçinin Azərbaycandan kənarda yerləşən neft və qaz sahəsinə xidmət edən təchizat bazarında uğurlu rəqabət apara bilmələri və bununla bağlı olaraq onların bacarıqlarının artırılması üçün vacibdir.

BP və onun tərəfdaşlarının yerli müəssisələri dəstəkləmək istiqamətində həyata keçirdiyi layihələrdən biri Təchizatçı Müəssisənin Maliyyələşdirmə Mexanizmi Layihəsidir (TMMM). Bu layihə çərçivəsində bizim yerli təchizatçılarımız şəffaf və aydın qaydalara əsasən kredit əldə edə bilərlər. Bizim, yerli müəssisələri dəstəkləmək istiqamətində gördüyümüz digər təşəbbüs Sahibkarlığın İnkişafı və Təlimi Proqramıdır (SİTP). SİTP yerli müəssisələri onların inkişafa ehtiyacı olan sahələri haqqında məlumatlandırmaqla yanaşı, mövcud çatışmazlıqların aradan qaldırılmasına yönəldilmiş inkişaf planı hazırlayir və bu planın icrasına kömək edir. Mən fəxrlə bildirirəm ki, 2007-ci ildə SİTP-in fəaliyyətə başladığı andan 2009-cu ilin sonuna kimi 47 yerli müəssisə proqramın bütün inkişaf mərhələlərindən uğurla keçmiş və bunların içərisindən 20 yerli müəssisə ümumi məbləği 42,5 milyon ABŞ dolları  dəyərində olan müqavilə əldə etmişdir. Qeyd edilməlidir ki, əldə edilən ümumi müqavilə dəyərinin yarısı məhz BP şirkətindən əldə edilmiş müqavilələrin payına düşür.

Mən ümid edirəm ki, bizim virtual səhifəmizlə tanışlıq Sizə maraqlı və lazımlı olacaq. Həmçinin Sizi mütəmadi olaraq bizim veb portala dəvət edirəm. Belə ki, biz onu mütəmadi olaraq  yeni maraqlı məlumatlarla zənginləşdirəcəyik.

Hörmətlə,
Rik Monikal
Təchizat üzrə Baş Menecer